CƏMİYYƏT


ABŞ-ın “Vicdana çağırış” Fondunun prezidenti Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın nüfuzlu “Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayerlə videoformatda görüşüb.

İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, QMİ sədri və fondun rəhbəri arasında onlayn görüş zamanı müasir dövrdə dinlərarası dialoqa dair bir sıra məsələlərə toxunulub. Dünya müstəvisində dinlərarası dialoqun yeni reallıq və çağırışları, perspektiv və imkanları müzakirə olunub.

Ünsiyyət zamanı Ravvin A.Şnayer Azərbaycanın qalibiyyətli Vətən müharibəsinə toxunaraq, bölgədə sülhün bərqərar olmasını böyük nailiyyət kimi təqdir edib. Zamanında bu münaqişənin sülh yolu ilə həllini tapması üçün Şeyxülislam A. Paşazadə ilə birgə səylərini xatırlayan Ravvin A.Şnayer rəhbərlik etdiyi Fondun yerləşdiyi Nyu-York şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada salıb.

Dini liderlər olaraq həm özünün, həm də Şeyxülislam A. Paşazadənin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan Ravvin A. Şnayer bundan sonra da Azərbaycan və Ermənistanın dini liderləri arasında dialoq müstəvisinin davam etməsinin vacibliyinə diqqəti çəkib. Bu istiqamətdə hər zaman vasitəçi olmağa hazır olduğunu bildirən və bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edən Ravvin A. Şnayer dünyada, bölgədə əmniyyət və sabitlik üçün belə dialoqların zəruri olduğunu bildirib.

QMİ sədri A. Paşazadə öz növbəsində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı nəticələri, dini məbədlərə - məscidlər və kilsələrə qarşı dağıntı və həqarət faktlarının miqyası barədə həmsöhbətini ətraflı məlumatlandırıb. Dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların tezliklə bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı quruculuq işləri barədə Azərbaycanın dövlət başçının qətiyyətli iradəsinə istinad edərək QMİ sədri A. Paşazadə əminliyini bildirib ki, Azərbaycanın azad olunmuş Qarabağ torpaqları ən qısa zamanda öz yeni, gözəl görkəmi ilə yenidən canlanacaqdır. Şeyxülislam A. Paşazadə vurğulayıb ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərin hamisi olduğuna, Azərbaycanda xristian və yəhudi dini abidələrinə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşılmasına bütün dünya şahiddir. QMİ sədri azad edilmiş ərazilərdə məscidlərlə yanaşı, xristian və yəhudi dini-mənəvi abidələrinə diqqət ayrılmasının Azərbaycanın dünyadakı tolerant imicinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoq prosesində aparıcı mərkəzlərdən olmasının daha bir təsdiqidir.

Videogörüş çərçivəsində ünsiyyətə görə təşəkkürünü bildirən Fondun prezidenti A.Şnayer öz növbəsində Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiyini qeyd edib. “Vicdana çağırış” Fondunun prezidenti Ravvin Artur Şnayer səmimi salamlarını Azərbaycanın dövlətinin başçısına çatdırmağı QMİ sədrindən xahiş edib. Ravvin A. Şnayer Azərbaycan Prezidenti İlham Əliyevin payızda baş tutacaq BMT sessiyasına təşrif buyuracağı təqdirdə, onunla Nyu-Yorkda görüşmək niyyətini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.