CƏMİYYƏT
ABŞ saytı ermənilərin Azərbaycana qarşı növbəti dəfə təxribat törətməsindən yazıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Nyu-Yorkda yaşayan və ABŞ-ın məşhur Harvard Universitetində Tarix üzrə namizədlik dissertasiyası yazan soydaşımız Səma Məmmədova ermənilərin Azərbaycan ərazisində növbəti dəfə təxribat törətmələrinə biganə qalmayıb. O, “disruptmagazine.com” saytına Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsahibə verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Səma Məmmədova işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu, Sovet İttifaqı dağılana qədər Dağlıq Qarabağ əhalisinin, o cümlədən Azərbaycan vətəndaşı olan ermənilərin də burada sülh şəraitində yaşadığını bildirib, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə və digər mühüm məqamlara toxunub.
Gənc tarixçi, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri bir daha amerikalı oxucuların diqqətinə çatdırıb, ermənilərin təşəbbüsü ilə amerikalılar arasında qəsdən və bilərəkdən yanlış məlumatların yayıldığını bildirib.
Səma Məmmədova erməni təxribatçılarının hətta okeanın o tayında da çirkin əməllərindən əl çəkmədiklərini, Los-Ancelesdə onu və yoldaşlarını təhdid etdiklərini bildirib. Qeyd edilib ki, həqiqi tarixi bilmək istəyənlər BMT-nin internet saytına, dövlət başçılarının çıxışlarına, azərbaycanlı və ya bitərəf tarixçilərin araşdırmalarına istinad edə bilərlər.