CƏMİYYƏT
ABŞ səfirliyinin dəstəyi ilə keçirilən təlim proqramında xanımlar liderlik bacarıqlarını təkmilləşdiriblər
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də “WoWoman in Me” proqramının ikinci hissəsi başa çatıb. Beş həftəlik təlim proqramında xanımların liderlik bacarıqları təkmilləşdirilib.
AZƏRTAC xəbər verir ki, “WoWoman Azərbaycan” proqramı ABŞ-ın Bakıdakı səfirliyi tərəfindən dəstəklənib. Proqram çərçivəsində qadınlara karyera məqsədlərini müəyyənləşdirmək və onlara işlərində uğurlar əldə etmək üçün lazım olan bacarıqlar öyrədilib. “WoWoman Azərbaycan” Qadınların Gücləndirilməsi Platformasına Bakıdan 40, bölgələrdən 10 olmaqla 50 xanım cəlb olunub. Gənc xanımlara qrup işi, liderlik, ünsiyyət, sahibkarlıq zehniyyətlərinin araşdırılması ilə bağlı təlimlər keçirilib.
“Wowoman Azərbaycan” platformasının təsisçisi Zara Hüseynova bildirib ki, proqram Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu və digər universitetlərə uyğun konfrans, tədbir və təlimlərə uyğun təşkil olunub.
“WoWoman Azərbaycan” şirkətinin baş direktoru Arzu Ağazamanovanın sözlərinə görə, bu, iştirakçılar üçün təşkil olunan mükəmməl bir proqramdır. Təlimlərin nəticəsi olaraq, iştirakçı xanımlar mükafatlandırılıblar. Qeyd edək ki, “WoWoman”, həmçinin "WoWoman Azerbaijan" Facebook qrupu vasitəsilə azərbaycanlı qadınlarla dialoqun gücləndirilməsini və dəstəklənməsini davam etdirir.
“WoWoman” təxminən dörd il əvvəl Azərbaycanda yaradılıb və 50 nəfərlik qadın qrupu cəlb olunub. Bu qadınlara 200-dən çox tədbir, treninq, seminar və ustad dərsləri keçirilib. Bundan başqa, xanımlar üçün IT məktəbi, sahibkarlıq proqramları, o cümlədən yoqa sinifləri təşkil edilib.