İQTİSADİYYAT
“ACWA Power” və AYİB-in birgə layihələri Azərbaycan, Özbəkistan və Misir üzərində cəmləşəcək

Qahirə, 4 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti və Avropa Yenidənqurma İnkişaf Bankı (AYİB) arasında Ər-Riyadda keçirilən Gələcək İnvestisiya Təşəbbüsü Forumu çərçivəsində dayanıqlı infrastruktur layihələrinin maliyyələşdirilməsinə dair anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədin imzalanma mərasimində çıxış edən “ACWA Power” şirkətinin icraçı direktoru Paddi Padmanadan bərpa olunan enerji istehsalı sahəsində əsas layihələrin Azərbaycan, Özbəkistan və Misirdə həyata keçiriləcəyini deyib. O əlavə edib ki, hər üç ölkənin hökumətləri ilə sıx əməkdaşlıq mövcuddur və təmiz enerji hasilatını təmin edəcək layihələrin uğurla başa çatması üçün bütün imkanlar mövcuddur.
“ACWA Power” şirkətinin icraçı direktoru deyib ki, iki gündən sonra Misirdə başlayacaq COP-27 iqlim sammitində də Səudiyyə Ərəbistanının bərpa olunan enerji və sıfır karbon qazı emissiyası təşəbbüsləri ilə bağlı xüsusi sessiya təşkil olunacaq. “Biz AYİB illə 2011-ci ildən bəri əməkdaşlıq edirik və inanırıq ki, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrikada həyata keçirilən layihələrimiz qlobal enerji təhlükəsizliyi və ekoloji tarazlığın təmin edilməsinə töhfə olacaq”, - deyə P.Padmanadan vurğulayıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə