SİYASƏT
ƏDƏBİ İCTİMAİYYƏTİN NÜMAYƏNDƏLƏRİ DƏRİN KƏDƏR İÇİNDƏDİR
Fikrət Qoca, xalq şairi :
-Mən Heydər Əliyevə xalqımız üçün etdiklərindən əlavə, canıma görə də borcluyam. Bəli lap hərfi mənada o məni ölümün əlindən alıb. Bu ağır günlərdə adam bilmir nə desin. O bizə müstəqil Azərbaycanı yaratdı verdi. Gələcəyini müəyyənləşdirdi. İndi bizim respublikamız, bayrağımız, gerbimiz, himnimiz və Heydər Əliyevimiz var. Bunlara görə təsəlli tapıram:
Hər dərd millət üçün belə dağ olmur,
Fələyin çarxını saxlamaq olmur,
Sınaqdan çıxardır Tanrı bu xalqı,
Düşmən görə-görə ağlamaq olmur.
Balaş Azəroğlu, xalq şairi :
-Heydər Əliyev təkcə Azərbaycanın dövlət başçısı deyil, həm də bütün dünya azərbaycanlılarının da rəhbəri idi. Bir dəfə görüşümüz zamanı dedi ki, mən nə qədər sağam Cənubda yaşayan qardaşlarımı heç zaman unutmayacağam. Çünki biz bir xalqıq-qardaşlarıq.
Bu günlərdə mən inanıram ki, cənublu qardaşlarımız da baş vermiş bu gözlənilməz itkini qəlb ağrısı ilə yaşayır və onun ideyalarının, arzularının həyata keçəcəyinə inanırlar.
Mən bu ağır matəm günlərində xalqımıza başsağlığı verirəm.
Ədalət Əsgəroğlu, şair :
-Böyük insanın - Heydər Əliyevin dəfn mərasimi göstərdi ki, Azərbaycan bir dövlət kimi mövcuddur, möhkəmdir, güclü dövlətlər sırasına çıxmağa israrlıdır. Bu yolda Heydər Əlirza oğlunun fədakarlığı, nəhəng siyasətçi obrazı canlı abidə kimi tarixləşib və xalqımız bu tarixi özünün bütün mövcudluğu boyu tale vəsiqəsi kimi gəzdirəcəkdir.
Firuzə Məmmədli, şairə:
- Böyük öndərimiz, ulu rəhbərimiz, inam və güvənc mənbəyimiz Heydər Əliyev bizi tərk etdi, əbədiyyətə qovuşdu. Yox, o ölmədi. Dünyasını dəyişdiyi gündən onun ikinci həyatı başladı, milyonların ürəyində, qəlbində. Onsuz da ona bu məhəbbət vardı. İndi isə şəriksiz oldu. Bu gün böyükdən kiçiyə hər kəs, bütün Türk dünyası onun şəxsiyyət böyüklüyünü duyur, hiss edir, itkinin ağırlığından yanır, yaxılır. Xalqım, ağrı, ancaq ağlama. Çünki o ölməyib, sənin qəlbindədir, səninlədir.
Hamımız kədərliyik. Hamımız gedəcəyik. Amma onun yoxluğu belə nəsillərə düzgün yol göstərəcək, insanlara qardaşlığın, dostluğun, sülh və əmin-amanlığın sirrlərini öyrədəcək, xoşbəxt olmaq yolunu göstərəcək -özünün fəaliyyət proqramı, həyat təcrübəsi, maddi dünyada miras qoyduğu xarici və daxili siyasətinin nəzəri əsasları ilə. Yaratdığı, sabitləşdirdiyi dövlətçilik ənənəsi ilə. Müstəqillik və demokratiyamız yolundakı əzmkarlığı ilə.
Heydər Əliyev xalqının nəhayətsiz məhəbbətini qazanan çox nadir rəhbər olmuş və rəhbər olaraq da qalacaqdır. İndi Azərbaycan xalqının qəlbində olan Allah, peyğəmbər, imam, övliya məhəbbətinə daha bir məhəbbət - Heydər Əliyev məhəbbəti qoşuldu.
Allah ona qəni-qəni rəhmət eləsin, məzarı nurla dolsun.