REGİONLAR
ADAU-da tələbələrə karyera planlamasına dair seminar keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tələbələrə karyera planlamasına dair seminar keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, seminarda təhsil müəssisəsinin Tədris işləri üzrə prorektoru Anar Hətəmov ADAU-da karyera mərkəzinin yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu gün tələbələrin karyerası, gələcəyini qurması əsas məsələlərdən biridir. Bu mərkəz tələbələrin gələcəkdə uğurlu karyera qurmalarına yardım edən struktur bölmədir. Mərkəzin fəaliyyətinin əsas istiqaməti tələbələrin və məzunların məşğulluğunun təmin olunmasına dəstək göstərmək və kömək etməkdir.
Karyera mərkəzinin direktoru Anar Abbasov seminar iştirakçılarına mərkəzin fəaliyyət istiqamətlərindən, mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasından, işlə bağlı müraciətlərin idarə olunmasından, uğur əldə etmiş iş adamları ilə görüşlərin təşkilindən, peşəkar məsləhətlərin verilməsindən, universitetdaxili və xarici qurumlarla münasibətlərdən danışıb, CV-lərin düzgün hazırlanma qaydalarını izah edib.
ADAU-nun məzunu, "Gələcəyə Körpü" Gənclər İctimai Birliyinin icraçı direktoru Hüseynxan Hacızadə isə karyera qurmasında əldə etdiyi təcrübəni tələbələrlə bölüşüb. Qeyd edib ki, ictimai fəaliyyət sahəsində xüsusi fərqləndiyinə görə gənclər üçün prezident mükafatı ilə təltif olunub: “Mənə verilən bu mükafat ictimai fəallığımı motivasiya edən və daha aktiv fəaliyyətə dəstək olan böyük dəyərdir. Bu günə qədər 100-ə yaxın yerli, regional və beynəlxalq layihələrdə iştirakçı və təşkilatçı kimi fəaliyyət göstərmişəm. Azərbaycanda keçirilən 20-yə yaxın beynəlxalq layihədə ölkəmizi yüksək səviyyədə təmsil etmişəm. Mən bu günün tələbələrinə də gələcək karyerasında daha fəal və diqqətli olmağı tövsiyə edirəm”.
Qeyd edək ki, bu cür seminarlar mütəmadi keçiriləcək və tələbələrə məqsədlərinin reallaşması üçün hərtərəfli dəstək göstəriləcək.