ELM VƏ TƏHSİL
ADNSU-da Azərbaycan kinosunun 120 illiyinə həsr olunan tədbir keçirilib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı Azərbaycan kinosunun şanlı tarixindən danışıb, ölkədə xüsusilə neft bumu dövründə çəkilən filmlərin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev 120 il ərzində şərəfli yol keçən Azərbaycan film tarixinin neft ilə xüsusi bağlılığı olduğunu qeyd edib.
Sonra Azərbaycan xalqının qəhrəman oğullarının şücaətləri barədə, Milli qəhrəmanlarımız Allahverdi Bağırov və Ələkbər Əliyevə həsr edilən iki film nümayiş olunub.
Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrində keçirilən “Azərbaycan kinosu günləri” çərçivəsində reallaşıb.