ELM VƏ TƏHSİL
ADNSU ilə BP Azərbaycan şirkəti arasında əlaqələr genişlənir
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı BP Azərbaycan şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, şirkətin menecerləri Zaur Cəbrayıl və Elçin Haqverdiyev ilə görüş keçirib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan bildirilib.
Universitetdə aparılan tədris prosesi, beynəlxalq əməkdaşlıq, Startap məktəbi, İT Akademiya haqqında qonaqlara ətraflı məlumat verilib. Rektor şirkətlərlə universitet arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edib, ADNSU-da fəaliyyət göstərən və artıq bir sıra yeniliklərə imza atan Startap məktəbinin layihələrindən danışıb. Mustafa Babanlı gənc mütəxəssislərin yetişməsi, onların işlə təmin olunması, İT sahəsində biliklərinin artırılması və eyni zamanda, ingilis dilində tədrisin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, Startap layihələrinin həyata keçirilməsi yönündə bir sıra işlər aparılmasının vacibliyini diqqətə çatdırıb.
BP Azərbaycan şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi şirkətin gerçəkləşdirdiyi sosial və təhsilə dəstək layihələri barədə məlumat verib. O bu layihələr çərçivəsində BP Azərbaycan şirkəti ilə ADNSU arasında əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını qeyd edib.
Görüşdə Startap layihələrinə dəstək verilməsi, ingilis dili müəllimləri üçün seminarların təşkil olunması və dərsliklərin tərcüməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər yeni layihələrlə bağlı əməkdaşlığa dair razılığa gəliblər.