ELM VƏ TƏHSİL
ADU-da Çin dilində Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası haqqında danışıb. O, qanlı Xocalı hadisələri barədə həqiqətlərin dünyada yayılmasının, faciənin soyqırımı kimi tanınmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Çində ADU-nun tələbələri dövlətimizi təmsil edərkən Xocalı həqiqətlərinin ictimaiyyətə çatdırılması üçün məqsədyönlü tədbirlər görürlər.
Tədbirdə çıxış edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Xocalı soyqırımının Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu Çin dilində qeyd edərək, soyqırımının beynəlxalq miqyasda tanınması üçün gənclərimizin səfərbər olacağına inandıqlarını bildiriblər.
Sonda Çin dilində Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.