İQTİSADİYYAT
“ADY Express” Azərbaycan karbamidini dünya bazarına çatdırmaqda davam edir
Bakı, 11 iyun, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC SOCAR-ın Karbamid zavodunda istehsal olunan karbamidi dəmir yolu ilə xaricə nəqlini davam etdirir.
MMC-dən AZƏRTAC-a bildirilib ki, H.Z.Tağıyev stansiyasında hər birisinin çəkisi 800 kiloqram olan böyük kisələrdə (big bag) olan karbamid yarımvaqonlara yüklənərək Gürcüstanın Poti dəniz limanına yola salınır. Vaqonları “Azərbaycan Dəmir Yolları” QSC və “ADY Express” MMC tərəfindən təqdim edilir.
H.Zeynalabdin-Böyük Kəsik-Poti marşrutu ilə 884 kilometr yolu 3-4 günə nəql edilən karbamid daha sonra Poti limanında gəmilərə aşırılaraq dəniz vasitəsilə təyinatı üzrə çatdırılır. Bu dəfə ümumilikdə 500 vaqon vasitəsilə 30 min ton karbamidin nəql edilməsi nəzərdə tutulur. Qeyd olunan yükün 2700 tonu 45 vaqona yüklənərək artıq yola salınıb.
Qeyd edək ki, 2019-cu il oktyabrından (karbamidin dəmir yolu ilə nəqli başlayan aydan) 2021-ci ilin iyun ayı daxil olmaqla “ADY Express” MMC ümumilikdə 100 min tondan çox karbamidi daşımağa müvəffəq olub.