DÜNYA
AFR hökuməti itirdiyinin yerini doldurmağa çalışır
Berlin, 22 may, AZƏRTAC
Bu gün Berlində, AFR Xarici İşlər Nazirliyində əlamətdar hadisə başlayıb. Almaniya xarici siyasət idarəsinin başçısı Ziqmar Qabriel bütün dünyanın dini liderləri – İran və Əfqanıstandan İslam ilahiyyatçıları, Qüdsdən ravvinlər, katolik arxiyepiskopları, pravoslav keşişləri, protestant pastorları, anqlikan və qibti kilsələrinin nümayəndələri, şiələr və sünnilər qarşısında nitq söyləyib.
“Sülhün qorunub saxlanılmasında dinin məsuliyyəti” adlı üçgünlük konfransa ümumən yüzdən çox qonaq dəvət edilib. Almaniya XİN-in bəyanatında deyilir: “Konfrans iştirakçıları öz ölkələrinin əhalisi arasında böyük nüfuz və söz sahibidirlər, istər öz ərazilərində, istərsə də dövlətlərarası səviyyədə sülhün dəstəklənməsində fəal rol oynayırlar”.
Müşahidəçilər qeyd edirlər ki, AFR hökuməti ölkədə multikulturalizmin təmin edilməsi sahəsində fəaliyyətsizlik göstərməsi barədə onun ünvanına tənqidlər güclənəndən belə bir addım atmağa məcbur olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin