DÜNYA
AFR-in iqtisadiyyat naziri “yaşıllar” partiyasının nümayəndəsi olacaq
Berlin, 7 dekabr, AZƏRTAC
İqlimin müdafiəsi Almaniyanın yeni koalisiya hökumətinin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevriləcək. “Svetofor” koalisiyasına daxil olan “yaşıllar” partiyası artıq bu gün qlobal istiləşməyə qarşı mübarizə və parnik qazları tullantılarının azaldılması məsələlərini daha prioritet məsələlər sırasına aid edir.
AZƏRTAC xəbər verir ki, bu günlərdə dərc edilən koalisiya sazişinin preambulasında digərləri ilə yanaşı, bu iki məsələ də göstərilib. Həmin məsələlərin yeni İqtisadiyyat Nazirliyinə tapşırılması gözlənilir. “Yaşıllar” koalisiya danışıqlarında iqlimin qorunması sahəsində əlavə səlahiyyətlərin nazirliyə təqdim edilməsində israrlı olublar. Hazırda “yaşıllar” partiyasının həmsədri olan Robert Habekin iqtisadiyyat naziri postuna namizədliyinin irəli sürülməsinə Bundestaq deputatları tərəfindən etirazlar gözlənilmir. Onun üzərinə, həmçinin vitse-kanslerin vəzifələri də qoyulacaq. Sabah Bundestaqda Merkelin xələfi, Almaniyanın yeni federal kansleri rəsmi şəkildə seçildikdən sonra R.Habek nazir səlahiyyətlərinin icrasına başlayacaq. Gözlənildiyinə görə, yeni kansler sosial-demokrat Olaf Şolts olacaq.
Sabah, həmçinin yeni hökumət də and içəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin