CƏMİYYƏT


Aİ-ÜST layihəsi xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsini həyata keçirib

Bakı, 20 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın səhiyyə sisteminə dəstək olmağa davam edir. Aİ-ÜST birgə layihəsi olan Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü çərçivəsində TƏBİB-in təklifi və dəstəyi ilə xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi həyata keçirilib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası xəstəxanalarda oksigen təchizatı və istifadəsinin vacibliyini bir daha önə çıxarıb. Ağır və kritik COVID-19 hallarının effektiv müalicəsi üçün xəstəxanaların oksigenlə optimal təchizatı, reanimasiya şöbələrində oksigen infrastrukturunun yaradılması və tibb işçilərinin oksigen müalicəsi üzrə bilik və bacarıqlarının olması olduqca vacibdir.

16-20 may tarixlərində Bakı, Sumqayıt və Şamaxıda yerləşən 7 xəstəxana, o cümlədən 2 modul xəstəxanada oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsi məqsədilə ÜST-nin missiyası həyata keçirilib. Missiyada ÜST-nin biotibbi eksperti Ulian Rotari tərəfindən seçilmiş xəstəxanalarda oksigenin təchizat sistemi və istifadəsinin təhlükəsizliyi, ÜST-nin məsləhətçisi Pervin Korkmaz Ekren tərəfindən isə reanimasiya şöbələrində oksigen müalicəsinin tətbiqi qiymətləndirilib. Missiyanın ümumi koordinasiyası ÜST-nin xəstəliklərin idarəolunması üzrə eksperti Cennifer Kollins tərəfindən həyata keçirilib.

Ehtiyaclar müəyyənləşdirildikdən sonra TƏBİB ilə birlikdə oksigen təchizatı və istifadəsi üzrə xəstəxanalara dəstək imkanlarının, həmçinin milli təlimatların hazırlanmasının müzakirəsi aparılıb. Görüşdə ilkin nəticələrin və müzakirələrin plenar təqdimatı keçirilib. İştirakçılar xəstəxanalarda oksigen təchizatı və istifadəsinin qiymətləndirilməsinin təcrübə mübadiləsi və cari işlərin birgə təhlilinin təmin edilməsi baxımından ölkə üçün son dərəcə önəmli olduğunu bir daha qeyd ediblər.

Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2020-ci ilin aprel ayından etibarən həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsidir. Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsi olan layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.