ELM VƏ TƏHSİL
AKADEMİK CƏLAL ƏLİYEV: MOLEKULYAR BİOLOGİYA, GENETİKA, BİOKİMYA VƏ BİOİNFORMATİKA SAHƏSİNDƏ AZƏRBAYCAN ALİMLƏRİNİN TƏDQİQATLARININ NƏTİCƏLƏRİ BÜTÜN DÜNYADA TANINIR
Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsinin rəhbəri, Milli Məclisin deputatı, akademik Cəlal Əliyevin həmin institutda yanvarın 10-da keçirilmiş seminarda dediyi bu fikir dünyanın nüfuzlu elm mərkəzlərindən dəfələrlə alınmış rəylərlə üst-üstə düşür.
Seminarda institutun bioinformatika laboratoriyasının rəhbəri, biologiya elmləri namizədi İlham Şahmuradovun ölkəmizdə “Molekulyar biologiya və bioinformatika sahəsində tədqiqatların son nəticələri” mövzusunda məruzəsi dinlənildi.
Alimlər, mütəxəssislər əsası hələ 25 il bundan əvvəl akademik Cəlal Əliyev tərəfindən qoyulan, böyük gələcəyi olan bu elm sahəsi üzrə ölkəmizdə aparılan tədqiqatların nəzəri və praktiki əhəmiyyətini vurğuladılar.
Akademik Cəlal Əliyev seminarın işinə yekun vuraraq dedi ki, Azərbaycan dünyanın tanınmış elm mərkəzləri ilə əməkdaşlığı genişləndirmək, beynəlxalq təşkilatların ayırdığı qrantlar hesabına gənc mütəxəsisləri, alimləri həmin mərkəzlərə ezam etməklə molekulyar biologiya və bioinformatika sahəsində əldə olunmuş nailiyyətləri daha da möhkəmləndirə bilər. Biz bu məsələni diqqətdə saxlayacaq, məqsədə çatmaq üçün bütün imkanlardan istifadə edəcəyik.