SİYASƏT
AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ŞƏRƏFLİ ADI VƏ XEYİRXAH İŞLƏRİ UKRAYNANIN HƏTTA KİÇİK ŞƏHƏRLƏRİNDƏ DƏ YAXŞI MƏLUMDUR
AZƏRTAC-ın Kiyev müxbiri xəbər verir ki, mayın 7-də ölkəmizin Ukraynadakı səfirliyinin əməkdaşları Kiyev vilayətinin İrpen şəhərinə getmişlər. Şəhərin mərkəzi küçəsi dünya şöhrətli oftalmoloq alim, Azərbaycan xalqının şanlı qızı Zərifə Əziz qızı Əliyevanın adını daşıyır. Burada salınmış “Zərifə-Park”da hazırda abadlıq işləri görülür və xatirə daşı qoyulmuşdur. Həmin yerdə ümummilli liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, akademik Zərifə Əliyevaya abidə ucaldılacaqdır.
Azərbaycan diplomatları Akademik Zərifə Əliyeva küçəsində yaşayan aztəminatlı ailələrə baş çəkərək ərzaq bağlamaları vermiş və onları qarşıdakı Qələbə günü münasibətilə təbrik etmişlər. Burada yaşayanlardan biri – Yelena Petrovna Vinoqradova bu qayğıdan kövrələrək, diplomatlarımıza ürəkdən minnətdarlığını bildirmiş və bu diqqətə görə Azərbaycan səfirliyinə təşəkkürünü yetirməyi xahiş etmişdir.
O demişdir: “Azərbaycan millətinin – xeyirxah, səmimi və həssas millətin qeyrətli və şərəfli qızının adını daşıyan küçədə yaşamaq mənə olduqca xoşdur”.