ELM VƏ TƏHSİL
ALMANİYA TEXNİKİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİNİN SUMQAYIT UŞAQLARINA TÖHFƏSİ
Sumqayıtdakı Korlar Cəmiyyətində uşaqlara Brayl üsulu ilə təlim keçilməsi üçün yaxın günlərdə məktəb açmaq nəzərdə tutulmuşdur. Bu layihə “Almaniya və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” proqramı çərçivəsində və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) köməyi ilə həyata keçirilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, GTZ mütəxəssisləri hazırda zəruri vəsait və inventar almaq məqsədi ilə Moskvadadırlar. Dörd qrupdan hər biri 4 ay təlim keçəcəkdir. Bu, GTZ-nin Sumqayıtda həyata keçirdiyi yeganə layihə deyildir. Əldə olunmuş razılaşmalar çərçivəsində 30 nömrəli orta məktəbin bazasında idman şəhərciyi istifadəyə verilmiş, şəkərli diabetə tutulmuş uşaqlar üçün xüsusi məktəb açılmışdır, uşaqlar və yeniyetmələr üçün “etimad telefonu”, habelə alman dili mərkəzi fəaliyyət göstərir.