ELM VƏ TƏHSİL
AMEA Humanitar Elmlər Bölməsinin Gənc Alim və Mütəxəssislər şuralarının hesabatı dinlənilib
Bakı, 21 noyabr, AZƏRTAC
AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan institutlarının Gənc Alim və Mütəxəssislər şuralarının 2022-ci il üzrə illik hesabatları dinlənilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası giriş sözü ilə açan AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev şuranın illik fəaliyyətini dəyərləndirib.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Gənc Alim və Mütəxəssislər Şurasının Humanitar Elmlər Bölməsinin katibi Şəfa Əliyeva bölmənin sədrləri, illik fəaliyyət planı, görülmüş işlər haqqında yığcam məlumat verdikdən sonra institutlar üzrə hesabatlar dinlənilib.
Hesabatları Ədəbiyyat, Dilçilik, Folklor, Əlyazmalar, Memarlıq və İncəsənət institutlarının Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri Şəfa Əliyeva, Günel Orucova, Xanım Mirzəyeva, Aytən Quliyeva, Əlləz Əhmədov və Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyindən Dilbər Hüseynova təqdim ediblər.
Hesabatlarda gənc alimlərin dərc etdirdiyi məqalələr, iştirak etdikləri respublika və beynəlxalq konfranslar, nəşr olunan kitablar statistik rəqəmlərlə tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bundan əlavə, 2022-ci ildə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan institutların gənc alim və mütəxəssislərinin ölkənin ictimai həyatında yaxından iştirak etmələri, televiziya kanallarında və kütləvi informasiya vasitələrində çıxışları xüsusi vurğulanıb. Təqdim olunan hesabatlarda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmandan sonra ölkədə elmi mühitin daha da canlanacağına və gənc alimlərin növbəti illərdə daha yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.
Sonda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev çıxış edərək təqdim olunan hesabatları qənaətbəxş adlandırıb və gələcəkdə gənc elm adamlarının qarşısına qoyulan hədəflərdən danışıb.