REGİONLAR
AMEA Naxçıvan Bölməsində akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd olunub
Naxçıvan, 2 iyul, AZƏRTAC
500-dən çox elmi məqalənin, 20-dən artıq kitab və monoqrafiyanın müəllifi olan Cəlal Əliyev elm xadimi kimi nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda tanınır.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər görkəmli alim, Əməkdar Elm Xadimi, akademik, tanınmış ictimai xadim Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən elmi konfransda səsləndirilib.
Naxçıvan Dövlət Universiteti ilə birgə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev dünya şöhrətli seleksiyaçı alimin həyat yolundan və elmi fəaliyyətindən ətraflı danışıb. Qeyd olunub ki, Cəlal Əliyev müxtəlif illərdə Azərbaycan Respublikası və Almaniya Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər və Rusiya Kənd Təsərrüfatı Elmləri akademiyalarının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər və Belarus Kənd Təsərrüfatı Elmləri akademiyalarının xarici üzvü seçilib.
İsmayıl Hacıyev akademik Cəlal Əliyevin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək onun Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görüldüyünü, ali dövlət mükafatları – “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunduğunu xatırladıb. Vurğulanıb ki, tanınmış akademik perspektivli və istedadlı gəncləri ətrafına toplayaraq böyük elmi məktəb yaradıb. Onun köməyi ilə 300-ə yaxın gənc dissertasiya müdafiə edərək alim adı alıb.
Akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin 2018-ci il 22 may tarixli Sərəncamına əsasən keçirilən yubiley tədbirlərinin akademik Cəlal Əliyevin elmi fəaliyyətinə verilən qiymət olduğunu bildirərək qeyd edib ki, elmə dəyərli töhfələr vermiş görkəmli alim daim minnətdarlıqla xatırlanacaq.
Konfransda Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Akademik Cəlal Əliyev və onun mənalı ömür yolu”, Naxçıvan Dövlət Universitetinin botanika kafedrasının müdiri, dosent Daşqın Qəmbərov “Cəlal Əliyevin biologiya və aqrar elmlərin inkişafında rolu”, Bioresurslar İnstitutunun dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, dosent Pərviz Fətullayev “Dünya şöhrətli seleksiyaçı alim” və Naxçıvan Dövlət Universitetinin dosenti Hilal Qasımov “Biologiya elmində Cəlal Əliyev məktəbi” mövzularında məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, yüksək intellektual təfəkkürə malik olan alim öz geniş diapazonlu elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr verib.
Tədbirdə görkəmli akademik Cəlal Əliyevin həyat yolunu əks etdirən videoslayd nümayiş olunub.