REGİONLAR
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna 12 əlyazma və çap kitabı hədiyyə olunub
Naxçıvan, 16 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunan 12 əlyazma və çap kitabının təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək, muxtar respublika ərazisindən toplanılan əlyazma və qədim çap kitablarının tariximizin və mədəniyyətimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını deyib. O, bu istiqamətdə həyata keçirilən tədbirlərdən ətraflı söhbət açıb. Bildirib ki, müxtəlif tarixi qaynaqları əhatə edən nadir sənət əsərləri bir çox sahələrin öyrənilməsində yeni mənbə rolunu oynayır.
İsmayıl Hacıyev bu il muxtar respublikanın Mədəniyyət Nazirliyi tərəfindən, ümumilikdə, 55 adda əlyazma və kitabın bölməyə hədiyyə edildiyini diqqətə çatdırıb.
Sonra Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev muxtar respublikada mədəniyyətə, xalq yaradıcılığının inkişafına dövlət tərəfindən daim yüksək qayğı göstərildiyini deyib, muzeylərin yaradılması ilə bağlı imzalanan sərəncamların əhəmiyyətindən danışıb. Piri Nağıyev hədiyyə olunan kitablarla bağlı məlumat verərək qeyd edib ki, nəşrlər Əməkdar mədəniyyət işçisi Akif Hacıyev tərəfindən nazirliyə təqdim olunub. O, gələcəkdə də bölmə ilə nazirlik arasında bu cür tədbirlərin davam etdiriləcəyini bildirib.
Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov rəhbərlik etdiyi müəssisənin apardığı tədqiqatlarla bağlı ümumi məlumat verərək tədbir iştirakçılarını yeni əlyazma və çap kitabları ilə yaxından tanış edib. Diqqətə çatdırıb ki, hədiyyə olunan nəşrlər arasında ərəb və fars dillərində dini mövzularla bağlı “Risalə” əlyazması, “Qurani-Kərim”in dörd nüsxəsi, Məhəmmədbağır ibn-Məhəmmədtəqinin “Məclis”, Şeyx Molla Əbülqasim Gənci Axundzadənin “Gülzari-həqiqət”, Bəhaəddin Məhəmməd Amilinin “Cameyi-Abbasi”, eləcə də müxtəlif tarixi əsərlər, dini hekayələr toplusu və digər kitablar var.
Akif Hacıyev isə çıxışında tarixi əhəmiyyət kəsb edən maddi mədəniyyət, nadir sənət nümunələrinin toplanılması, öyrənilməsi və təbliğinin zəruriliyini vurğulayıb.