ELM VƏ TƏHSİL
AMEA ilə ADİU elm və təhsilin vəhdəti istiqamətində əməkdaşlıq edəcək VİDEO
Bakı, 7 iyun, P.İmanova, AZƏRTAC
İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali məktəbin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: qlobal çağırışlar və lokal imkanlar” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tərəflər arasında ölkəmizdə elmlə təhsilin inteqrasiyasını gücləndirmək, elmi müəssisələrlə ali təhsil qurumları arasında əməkdaşlığı möhkəmləndirmək və yüksəkixtisaslı kadrlar hazırlamaq məqsədilə anlaşma memorandumu imzalanıb. Sənəddə qarşılıqlı maraq daşıyan mövzular üzrə birgə elmi-tədqiqatların aparılması, elmi nəticələrin tədris prosesinə tətbiqi, tanınmış alimlərin tədris prosesinə cəlb edilməsi, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli ixtisaslar üzrə elmi biliklərə malik kadrların hazırlanması, tədrisin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin təşkili sahəsində müəllim, doktorant, magistr və elmi işçilər arasında təcrübə, tədqiqat materialları və informasiya mübadiləsinin aparılması və digər məsələlər nəzərdə tutulub.
ADİU-nun rektoru, professor Ədalət Muradov konfransın elm və təhsil sahələrində əlaqələrin qurulması və davamlı inkişafı baxımından müstəsna əhəmiyyətindən danışıb. Rektor rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, ölkənin elmi, iqtisadi, siyasi və mədəni inkişafı istiqamətində həyata keçirilən beynəlxalq layihə və proqramlar barədə məlumat verib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə innovativ təşəbbüs və yenilikləri özündə əks etdirən elmin uğurlu gələcəyini təmin etmək nöqteyi-nəzərdən elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayıb. Bildirilib ki, gənc kadrların intellektual səviyyəsinin artırılmasında daha böyük nəticələrin əldə olunması üçün elm və təhsil əlaqələrinin möhkəmləndirilməsi mühüm amildir.
AMEA-nın rəhbəri son zamanlar akademiyada həyata keçirilən islahatların əsas istiqamətlərindən də danışıb.
Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova “İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti” və ADİU-nun elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyillər” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda elm və təhsilin inteqrasiyası istiqamətində qarşıda duran vəzifələrə dair təkliflər səsləndirilib. AMEA-nın elmi müəssisələri ilə ADİU-nun müvafiq mərkəz və şöbələri arasında beynəlxalq təcrübənin mənimsənilməsi və tətbiqi məqsədilə birgə fəaliyyət mexanizminin, eləcə də layihələrin hazırlanmasına dair müzakirələr aparılıb.