ELM VƏ TƏHSİL
“AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı” müzakirə edilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin sentyabrın 25-də keçirilən növbəti iclasında “AMEA-nın 2020-2025-ci illər üçün Milli İnkişaf Proqramı”na dair müzakirə aparılıb.
AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə hazırda akademiyanın fəaliyyət dairəsinin xeyli genişləndirildiyini və səlahiyyətlərinin artdığını söyləyib. Bildirilib ki, müasir zamanın çağırışlarından, eyni zamanda, respublikanın modernləşməyə və intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf istiqamətlərindən irəli gələrək, ölkəmizdə elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından akademiyanın qarşısına mühüm vəzifələr qoyulub.
Akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, elmi tədqiqatların prioritetlərinin ölkənin sosial-iqtisadi, mədəni-ictimai problemlərinin həllinə, dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrlar hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və digər məsələlərdən söz açıb. Elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, eləcə də Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyası istiqamətində dövlət başçısının imzaladığı müvafiq sərəncamları və həyata keçirilən mühüm tədbirləri xüsusi qeyd edib. Akademik görülmüş işlərin bütövlükdə Azərbaycan elminin, o cümlədən AMEA-nın inkişafına böyük təkan verdiyini deyib.
Akif Əlizadə qarşıya qoyulmuş vəzifələrin kompleks icrasını təmin etmək məqsədilə növbəti beşillik mərhələ üçün “2020-2025-ci illər üzrə AMEA-nın Milli İnkişaf Proqramı”nın hazırlanmasına zərurət yarandığını vurğulayıb.
İclasda qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti proqramın hazırlanmasını məqsədəuyğun hesab edib. Sənədin icrasını təmin etmək məqsədilə işçi qrupu yaradılıb. Həmçinin AMEA-nın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, Rəyasət Heyəti aparatının müvafiq idarə və şöbələrinə proqramla bağlı təkliflərini işçi qrupa təqdim etmək tapşırığı verilib.