ELM VƏ TƏHSİL
AMEA-nın Ədəbiyyat İnstitutu Pakistan Müsəlman Dünyası İnstitutu ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Pakistan Müsəlman Dünyası İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin olduğunu, siyasi, iqtisadi, elmi, mədəni, hərbi və digər sahələrdə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O bildirib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olub, o cümlədən Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mübarizəsinə daim dəstək verib.
İki dövlət arasında ədəbiyyat sahəsində də əlaqələrin inkişaf etməkdə olduğunu deyən İsa Həbibbəyli rəhbərlik etdiyi müəssisədə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin fəaliyyət göstərdiyini, Pakistanın ədəbiyyatı, müxtəlif inkişaf istiqamətləri və problemləri, eləcə də pakistanlı şair, yazıçı və dramaturqların yaradıcılığı ilə bağlı araşdırmalar aparıldığını söyləyib.
Müsəlman Dünyası İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli isə öz növbəsində, Ədəbiyyat İnstitutunda Pakistanın görkəmli şairi Məhəmməd İqballa bağlı aparılan tədqiqat işlərini yüksək qiymətləndirib, qonaqpərvərliyə görə öz minnətdarlığını bildirib.
Daha sonra iki qurum arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Konfransda, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədovun "Azərbaycan-Pakistan ədəbi-mədəni əlaqələri", müəssisənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bəsirə Əzizəliyevanın "Məhəmməd İqbalın yaradıcılığında müsəlman birliyi ideyası, ilahi eşq və milli düşüncə" və Fəlsəfə İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətlinin "Azərbaycan-Pakistan əlaqələrinə dair" mövzularında məruzələri dinlənilib.