ELM VƏ TƏHSİL
AMEA-nın Gəncə Bölməsinin iclasında Azərbaycan dilinin saflığının qorunması məsələsi müzakirə olunub
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gəncə Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbiri bölmənin sədri, akademik Fuad Əliyev açaraq Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanının əhəmiyyətindən danışıb. Gəncənin elmin, təhsilin inkişaf etdiyi ən qədim bölgələrdən biri olduğunu deyən alim Azərbaycan dilinin öyrənilməsində və tədqiqində bölmə əməkdaşlarının üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Sonra bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru, Əməkdar elm xadimi Xəlil Yusifli çıxış edərək qloballaşma şəraitində və inteqrasiya prosesində dilimizdə lüzumsuz sözlərin yarandığını deyib. Bunu arzuolunmaz hal kimi qiymətləndirən X.Yusifli dilimizin keşiyində durmağı hər bir azərbaycanlının vətəndaşlıq borcu adlandırıb.
Tədbirdə, həmçinin bölmənin Diyarşünaslıq İnstitutunun tarix şöbəsinin müdiri, professor Həsənbala Sadıqov, həmin müəssisənin elmi katibi Mətanət Əliyeva, Humanitar Tədqiqatlar İnstitutunun ədəbiyyat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ruziyyə Quliyeva və digər çıxış edənlər KİV-lərdə, internet resurslarında, müxtəlif reklam daşıyıcılarında, habelə məişətdə dilin saflığının qorunmasının önəminə toxunub, dilin nəzəri əsaslarının hazırlanmasının zəruriliyini bildiriblər.