ELM VƏ TƏHSİL
AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Avrasiya Patent Təşkilatı tərəfindən təltif olunub
Bakı, 17 sentyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Avrasiya ixtiraçılıq sahəsində mükafatların qaliblərinin təltifolunma mərasimi keçirilib.
Mükafatlandırma Avrasiya Patent Konvensiyasının imzalanmasının 25 illiyinə həsr edilmiş təntənəli mərasimdə reallaşıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, mükafatların qalibləri əsasən Avrasiya patentləşdirmə prosedurundan ən fəal istifadə etmiş və ölkələrinin innovativ, iqtisadi və sosial inkişafına mühüm töhfələr vermiş Avrasiya Patent Konvensiyasının üzvü olan dövlətlərdir. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) ixtiraçı kollektivi (T.Əliyev, A.Rzayev, Q.Quluyev, E.Rzayev, N.Rzayeva) “İnsan həyatı və sağlamlığının qorunması sahəsində ixtiraya görə” kateqoriyası üzrə qalib olub. Belə ki, azərbaycanlı alimlər “Ürək-damar sistemlərində aortal klapanın stenozunu diaqnoz etmək üçün üsul” ixtirasına görə bu mükafata layiq görülüblər.