REGİONLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində bölgə müəssisələrinin Koordinasiya Şurası yaradılıb
Lənkəran, 9 iyun, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin cənub regionunda fəaliyyət göstərən elmi tədqiqat müəssisələrində aparılan tədqiqatların vahid mərkəzdən idarə olunması modelini yaratmaq məqsədilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi-praktik istiqamətlər üzrə Koordinasiya Şurası yaradılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, Koordinasiya Şurasının sədri, professor Fərman Quliyev bildirib ki, məqsəd regionda müvafiq elmi istiqamətlərin inkişaf etdirilməsi, həmin elmi istiqamətlərdə aparılan elmi tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb olunması, fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsi, onların nəticəliliyi və səmərəliliyinin yüksəldilməsi, təsərrüfatlara tətbiqinin təmin edilməsidir.
Koordinasiya Şurasının sədri qeyd edib ki, Lənkəran-Astara bölgəsi üçün xarakterik çay və sitrus bitkilərinin yeni yüksək məhsuldar və davamlı sortlarının yaradılması və artırılması, biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və xəritələrinin yaradılması, bölgənin yabanı floranın növ tərkibinin öyrənilməsi, mədəni bitki ehtiyatlarının müəyyənləşdirilməsi, biomüxtəlifliyin qiymətləndirilməsi və genefondun qorunması üçün təkliflərin hazırlanması qarşıda duran əsas vəzifələrdəndir.
“Etno-mədəni proseslərin regional məsələləri, Azərbaycanın maddi və mənəvi mədəniyyətinin səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi, Lənkəran-Astara regionunda uzunömürlülük fenomeninin müxtəlif aspektlərinin tədqiqi də diqqət mərkəzində olacaq. Bu istiqamətdə fəaliyyətimizi genişləndirmək üçün Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı rayonlarında fəaliyyət göstərən elmi-tədqiqat, təhsil, aqrar və digər istehsalatyönümlü 17 müəssisəni təmsil edən 25 nəfəri Koordinasiya Şurasının tərkibinə daxil etməklə elmi-tədqiqat və istehsalat fəaliyyətlərini vəhdət halında inkişaf etdirməyə səy göstərəcəyik”, - deyə o bildirib.
F.Quliyev bildirib ki, görülən işlərin nəticəsi olaraq AMEA-nın Rəyasət Heyətinə, Elmi Təşkilatların Əlaqələndirmə Şurasına və müvafiq dövlət orqanlarına təkliflər veriləcək.