REGİONLAR
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində yeni anaclıq çay plantasiyası salınıb
Lənkəran, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda yeni çay bitkisi sortlarının yaradılması, əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması nəzərdə tutulub.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi elmi-tədqiqat işlərini bu tələblərə uyğun qurmaq, əldə edilən uğurlu nəticələri daha da artırmaq istiqamətində fəaliyyətini genişləndirir.
Mərkəzin direktoru, Əməkdar aqronom, professor Fərman Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Azərbaycanda çay plantasiyalarının məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün çayın yeni sort və klonlarının yaradılması, onların kəndli fermer təsərrüfatlarında tətbiqi bu sahənin inkişafında ən mühüm şərtlərdən biridir.
Bu məqsədlə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı bazasında elmi əməkdaşlıq əsasında işlərin müştərək aparılması üçün müvafiq razılıq əldə olunub.
Müqaviləyə əsasən çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması üzrə tədqiqat işləri aparılır.
Tədqiqatlar zamanı bölgənin plantasiyalarından çay bitkisinin 50-dən çox sort və forması seçilərək, vegetativ yolla çoxaldılıb və Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilməklə bir sıra uğurlar əldə edilib.
Çoxillik tədqiqatlar nəticəsində 4 yeni məhsuldar çay sortu- “Fərmançay”, “Lənkəran”, “Xəzər”, “Fərmançay çəhrayı” cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında “Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti”nin Qərarı ilə reyestrə daxil edilərək rayonlaşdırılıb.
F.Quliyev diqqətə çatdırıb ki, cari ildə yeni rayonlaşdırılmış sortların artırılıb çoxaldılması üçün Lənkəran Regional Elmi Mərkəzində əməli işlərə başlanılıb. Mərkəzin tədbirlər planına uyğun olaraq təcrübə sahəsində yeni alınan çay sortlarından ilkin olaraq məhdud ərazidə anaclıq çay plantasiyası salınıb.
Çayçılıq üzrə Dövlət Proqramında göstərildiyi kimi, anaclıq plantasiyaların daha da genişləndirilməsi, çayın vegetativ üsulla artırılması məqsədilə ilk dəfə dumanyaradıcı qurğu da istifadəyə verilib və burada yaşıl çiliklərdən əkin materialı əldə etmək üçün lazımi şərait yaradılıb.
Gələcəkdə fermer təsərrüfatlarını daha məhsuldar elit çay sortları ilə təmin etmək üçün bu üsuldan yararlanmaqla əkin materialları yetişdirmək mümkün olacaq.