REGİONLAR
AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Naxçıvan, 17 yanvar, AZƏRTAC
Otuz il öncə müasir tariximizə faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri kimi yazılan Qаnlı Yаnvаr hаdisəsi zamanı Azərbaycan xalqının səsinin heç yerə çatmadığı bir vaxtda ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt tənqid edib və etiraz səsini bütün dünyaya çatdırıb.
AMEA-nın Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə bölmədə faciənin 30-cu ildönümü ilə bağlı “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda keçirilən elmi konfransda danışılıb.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, yalnız 1993-cü ildə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışından sonra həmin hadisələrə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.
İsmayıl Hacıyev Prezident İlham Əliyevin 2019-cu il 13 dekabr tarixində “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda faciənin mahiyyətinin geniş qeyd edildiyini deyib. Bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı hadisələrdən biridir. Bu faciənin törədilməsinin müxtəlif səbəbləri var idi. Həmin hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı.
Vurğulanıb ki, faciə qurbanlarının əziz xatirəsini həmişə uca tutan Prezident İlham Əliyev onların adlarının əbədiləşdirilməsinə, şəhidlərimizin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə diqqətlə yanaşıb.
Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsi”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət” və həmin institutun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilovun “20 Yanvar faciəsi - insanlığa qarşı cinayət” mövzusunda elmi məruzələri dinlənilib.