CƏMİYYƏT
ANAMA Xocavənd rayonunda Ermənistan hərbçiləri tərəfindən ağaca quraşdırılan mina aşkarlayıb
Bakı, 26 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonunun ərazisində meşə massivi istiqamətində Ermənistan hərbçiləri tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkarlayıb.
Bu barədə AZƏRTAC-a ANAMA-dan məlumat verilib.
Döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhaliyə və orduya qarşı çox saylı tələ - mina basdırıb və gizlədib. Xocavənd rayonunda ağaca asılan piyada əleyhinə MON-100 minası istiqamətlə idarəolunan qəlpələnən mina növünə aiddir. Qəlpələri 100-160 metrə qədər məhvetmə qüvvəsinə malikdir. Ümumi çəkisi 5 kiloqram olan minanın 2 kiloqramı partlayıcı maddədən ibarətdir. Minanın işə düşməsi nəticəsində yüksək sürətlə ətrafa 1 santimetr ölçüdə 400 qəlpə yayılır. Eyni zamanda, partlayış vaxtı minanın korpusunun metal hissələri yan və arxa tərəflərə 30-35 metr məsafədə təhlükə törədir. Qəlpələr 100 metr məsafədə təxminən 6,5-9,5 metr enində və 6 metr hündürlüyündə ərazini əhatə edir.
Piyada əleyhinə minalar canlı qüvvələrin xəsarət alması və öldürülməsi üçün istifadə edilir. MON-100 tipli qəlpələnən minalar isə canlıların kütləvi şəkildə məhvi üçün nəzərdə tutulub.