CƏMİYYƏT
ANAMA mütəxəssisləri Horadizdə 2 ədəd partlamamış hərbi sursatı zərərsizləşdirib
Bakı, 19 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Horadiz şəhəri ərazisində 2 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, nəticəsində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 85 mm-lik top mərmisi (OF-416) və 1 ədəd 81 mm-lik minaatan mərmisi(M43A1) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş mərmilərin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.