CƏMİYYƏT
ANAMA-nın mütəxəssisləri Qazax rayonunda əl qumbarası aşkarlayıblar
Bakı, 2 sentyabr, AZƏRTAC
Sentyabrın 2-də saat 10:13-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Çaylı kəndindəki fındıq bağında hərbi sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən Agentliyin çevik əməliyyat və kinoloji qruplarının, Qazax Rayon Polis Şöbəsinin və Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. ANAMA-nın mütəxəssislərinin apardıqları təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində F-1 əl qumbarası aşkarlanıb. Qumbara zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Qumbaranın tapıldığı yerin ətrafında 550 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Yanvarın 1-dən sentyabrın 2-dək ANAMA tərəfindən 272 siqnal (əməliyyat çağırışı) əsasında 244 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Bu əməliyyatlar nəticəsində 525 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 11, tank əleyhinə 25 mina və müxtəlif çaplı 18 min 745 patron zərərsizləşdirilib. İlin əvvəlindən indiyədək 103 min 321 kvadratmetr ərazi yoxlanılıb.