CƏMİYYƏT
AQTA əməkdaşları Bərdədə pambıqçılıqla məşğul olan fermerlərlə görüşüblər
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu ərazisində pambıqçılıqla məşğul olan fermerlərlə görüşüblər. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının mütəxəssisləri, Azərbaycan Gübrə İdxalçıları və İstehsalçıları Assosiasiyasının əməkdaşları və xarici mütəxəssislər də iştirak ediblər.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı mütəxəssislər fermerlərə pambıq əkinlərində inteqrir mübarizə barədə geniş məlumat veriblər. Bildirilib ki, bu zaman pambığın başlıca zərərli orqanizmləri əsas götürülərək mübarizə aparılır.
Qeyd olunub ki, pambıq bitkisinə zərər vuran başlıca zərərvericilər pambıq sovkası, pambıq mənənəsi, tütün tripsi, hörümçək gənəciyidir. AQTA əməkdaşları tərəfindən sadalanan zərərli orqanizmlərin bioekologiyası, yayılması, zərərləri və mübarizə üsulları barəsində fermerlərə geniş məlumatlar və tövsiyələr verilib.
Eyni zamanda, görüşdə mütəxəssislər kimyəvi mübarizə zamanı pestisidlərin tətbiqi reqlamentinə, təhlükəsizlik qaydalarına və ictimai təhlükəsizlik haqqında təlimata ciddi əməl olunmasının zəruriliyini diqqətə çatdırıblar.
Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb.