REGİONLAR
AQTA-nın mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb
Gəncə, 13 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə sahibkarların maarifləndirilməsi mövzusunda tədbirləri davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti tədbir dekabrın 13-də Gəncədə və ətraf bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün keçirilib.
Tədbirdə sahibkarlara Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən qida sahəsində çalışan subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması qaydaları haqqında məlumat verilib.
Bundan əlavə, sahibkarlara qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu üçün səyyar xidmət göstərilib. 140 sahibkarın iştirak etdiyi tədbirdə qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış 27 sahibkarlıq subyektinə dövlət reyestrindən çıxarış verilib.
Tədbirdə bildirilib ki, qeydiyyatdan keçən sahibkarlıq subyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən daim nəzarətdə saxlanılacaq və onlarla sıx əməkdaşlıq ediləcək.
Görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının maarifləndirilməsi işinin bundan sonra da davam etdiriləcəyi qeyd olunub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və istehsalçıların qarşılaşdıqları problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.