CƏMİYYƏT
AQTA: qida təhlükəsizliyinin təmin edilməsi prosesində cəmiyyətin aktiv iştirakı zəruridir
Bakı, 6 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları qida təhlükəsizliyinin təmin olunması sahəsində ictimai dəstək, ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi ilə bağlı Abşeron Rayon Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində agentlik tərəfindən görülən işlər, həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verilib. Bildirilib ki, agentlik qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirir. Bu istiqamətdə ictimai nəzarət mexanizminin formalaşdırılması böyük rol oynayır.
Agentliyin nümayəndələri qeyd ediblər ki, qida təhlükəsizliyinin təmin edilməsi prosesində cəmiyyətin aktiv iştirakı zəruridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.