CƏMİYYƏT
“ASAN xidmət” könüllüsü: 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bizdə böyük sevinc hissi yaratdı
Bakı, 10 yanvar, AZƏRTAC
Artıq bir aydır ki, “ASAN xidmət” könüllüsüyəm. Gələcəkdə dövlət işində işləmək və təcrübə yığmaq üçün “ASAN xidmət” könüllülərinin sıralarına qoşuldum.
Bu fikirləri 1 saylı “ASAN xidmət”də könüllü kimi fəaliyyət göstərən Murad Əhmədli AZƏRTAC-a müsahibəsində söyləyib.
Buradakı kollektivdə işləmək və iş yoldaşları ilə ünsiyyət qurmaq sayəsində özünü inkişaf etdirdiyini deyən M.Əhmədli bildirib: “Biz burada həm işləyərək təcrübə toplayır, həm də özümüzə yeni dostlar qazanırıq. İnsanlarla daim ünsiyyətdə olmaq hərtərəfli inkişafımızda böyük rol oynayır. Prezident İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi bizdə böyük sevinc hissi yaratdı. Bu, biz gənclərə əlavə güc verdi. Bir daha şahidi olduq ki, dövlətimiz tərəfindən bizə hər zaman böyük etimad göstərilir”.