İQTİSADİYYAT
ASA: Əhali sığorta hadisəsi baş vermədiyi üçün sığorta müqaviləsini yeniləmir
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı, “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınmaz tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair Memorandum” çərçivəsində keçirilmiş sorğunun yekun nəticələri açıqlanıb.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, 2150 respondent arasında keçirilmiş sorğu nəticələrindən aydın olub ki, əhalinin 19 faizi, biznes subyektlərinin isə 12 faizi məhz həmin il hər hansı bir sığorta hadisəsi baş vermədiyi üçün sığorta müqaviləsini yeniləmir. Sorğu çərçivəsində əldə olunmuş digər bir məlumata görə, əhalinin 37 faizi, biznes subyektlərinin isə 47 faizi sığorta xidmətlərini əmlak sığortasına görə, əhalinin 35 faizi, biznes subyektlərinin isə 48 faizi avtomobil sığortasına görə tanıdığını bildirib. Sorğu nəticəsində məlum olub ki, əhalinin 43 faizi, biznes subyektlərinin isə 71 faizi sığorta xidmətlərindən aktiv olaraq yararlanır. Respondentlər arasında əhalinin 63 faizinin, biznes subyektlərinin isə 61 faizinin sığorta ilə bağlı hər hansı neqativ halla rastlaşmadığı ortaya çıxıb. Sorğu nəticələrinə görə, sığorta ilə bağlı məlumatları respondentlərdən əhalinin 45 faizi, biznes subyektlərinin isə 36 faizi televiziya kanallarından, yenə əhalinin 25 faizi, biznes subyektlərinin isə 32 faizi internet portalları və xəbər saytlarından əldə etdikləri məlum olub.