SİYASƏT
AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN YAZ SESSİYASININ İCLASINA SƏDRLİK ETMƏSİ AZƏRBAYCANIN NÜFUZUNUN BEYNƏLXALQ ALƏMDƏ GÜNBƏGÜN YÜKSƏLMƏSİNİN ƏYANİ SÜBUTUDUR
Xəbər verdiyimiz kimi, AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının aprelin 2-də keçirilən iclasına sədrlik etmişdir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri bunu ölkəmizin Avropa ailəsində günbəgün artan nüfuzunun nümayişi kimi dəyərləndirmişlər.
AZƏR QASIMOV (Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin katibi): Avropa Şurası Parlament Assambleyasında bugünkü gün ölkəmiz üçün çox əlamətdar oldu. Nümayəndə heyətimizin rəhbəri, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü İlham Əliyev sessiyanın iclasına sədrlik etdi. Bu, Azərbaycan üçün çox önəmli hadisədir. Belə ki, Avropa Şurası Parlament Assambleyasının təcrübəsinə görə, sessiyaların iclaslarında müxtəlif məsələlərin müzakirəsi zamanı sədrlik bir sıra mühüm keyfiyyətləri özündə cəmləşdirən Büro üzvlərinə həvalə edilir. Bular nədən ibarətdir? İclasda qaldırılan müxtəlif hüquqi məqamların uzlaşdırılması, iclasa xarici dillərin birində sədrlik edilməsi, Avropa Şurası Parlament Assambleyasında təmsil olunan müxtəlif siyasi qrupların və ya komitələrin nümayəndələrinin fikirləri arasında tarazlığın yaradılması və sair. Belə bir faktı xüsusilə vurğulamaq istərdim ki, Avropa Şurasının Parlament Assambleyasında qəbul olunmuş təcrübəyə görə, sessiyaların əksər iclaslarını bu təşkilatın sədri aparır. Sessiya iclaslarına Büro üzvlərindən birinin sədrlik etməsi isə tez-tez təkrarlanmayan bir prosedurdur. Xüsusilə nəzərə almaq lazımdır ki, nümayəndə heyətimizin rəhbəri İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçildiyi vaxtdan çox qısa müddət keçir. Adətən, sədr müavini və Büro üzvü seçilən deputatlar prosedur qaydalarına və təcrübəyə görə, belə bir qısa vaxt ərzində iclaslara sədrlik etmirlər. Lakin qeyd etdiyimiz kimi, nümayəndə heyətimizin rəhbəri İlham Əliyev bu gün sessiyanın iclasına sədrlik etdi və bu, nümayəndə heyətimizin Avropa Şurası Parlament Assambleyası ilə gələcək əməkdaşlığında çox mühüm rol oynayacaqdır.
ƏLİ HÜSEYNOV (nümayəndə heyətinin üzvü): İki ildən bir qədər artıqdır ki, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Bu müddət ərzində biz dəfələrlə uğurlarımızdan danışmışıq. Qeyd etmişik ki, Azərbaycanın maraqlarını dəstəkləyən onlarca sənəd qəbul olunmuşdur. Ancaq bu yaxınlarda bütün Azərbaycan ictimaiyyəti üçün çox mühüm olan bir hadisə də baş vermişdir. Bu, bizim nümayəndə heyətinin rəhbəri İlham Əliyevin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsidir.
Biz bu gün bu uğurun nəticələrini yaşadıq. Nümayəndə heyətimizin rəhbəri İlham Əliyev yaz sessiyasının iclaslarının birinə sədrlik etdi. Avropa Şurası Parlament Assambleyasında İlham Əiyev demokratiyaya və insan hüquqları ideyasına daim sədaqəti ilə seçilmişdir. Onun bütün fəaliyyəti dövründə ədalət prinsipini daim rəhbər tutması və müstəqil fikrə malik olması Avropa Şurası Parlament Assambleyasının hər bir üzvünə məlumdur. Təbii ki, bu hadisə hər bir azərbaycanlıda dərin iftixar hissi doğurur.
Ancaq bu beynəlxalq qurumda bizim uğurlarımıza sevinməyənlər də var. Bunlar bizimlə mübarizədə aciz qalan ermənilər və onları dəstəkləyənlərdir. Yadınızdadırsa, İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçiləndə də Azərbaycanda bəzi müxalifət dairələri bu uğurumuzun üzərinə kölgə salmağa cəhd göstərmişlər. Bu isə elə ermənilərlə həmrəy olmaq deməkdir.
Hesab edirəm ki, uzaq Strasburqda Azərbaycanın dövlət maraqları baxımından çox mühüm hadisə baş verdi. Avropa Şurası Parlament Assambleyasının bütün üzvləri Azərbaycan nümayəndə heyəti rəhbərinin sessiyanın iclasına səriştəli, təmkinli və ədalətli sədrliyinin şahidi oldular. Bir məsələni də qeyd etmək istəyirəm. Bu gün gündəlikdə “Avropa və Xəzər dənizi regionunda enerji ehtiyatlarının inkişafı” mövzusunda məsələ də müzakirə olunurdu. Məruzənin adından göründüyü kimi, burada Azərbaycanı da maraqlandıran məsələlər var idi. Bəzi deputatlar məsələnin müzakirəsi zamanı yalnız ekoloji problemin önə çəkilməsini təklif edirdilər. Ancaq İlham Əliyev öz çıxışında vurğuladı ki, Xəzər dənizinin hüquqi statusu məsələsi ilə bağlı deputatlar öz dövlətlərinin rəsmi mövqeyini bildirməlidirlər. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın nümayəndə heyəti başda İlham Əliyev olmaqla doğru yoldadır və bizim belə uğurlarımız hələ çox olacaqdır.