REGİONLAR
ASTARA RAYONUNDA TƏRƏVƏZ ƏKİNİ SÜRƏTLƏNİR
Astara, 11 iyun (AZƏRTAC). Astara rayonunda yazlıq əkin kampaniyası davam edir.
İndiyədək 4 min 675 hektar sahədə yazlıq əkini keçirilmişdir. Bunun 1800 hektarını tərəvəz, 1135 hektarını dənli-paxlalı bitkilər, 1010 hektarını kartof, 500 hektarını bostan bitkiləri, 230 hektarını qarğıdalı təşkil edir.
Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı müvafiq Sərəncamından sonra rayonun torpaq mülkiyyətçiləri arasında bu sahəyə maraq xeyli artmışdır.
2009-cu ildə aqrar bölmədə çalışan 1117 nəfər məhsul istehsalçısına 83 min manat yardım plastik kartlarla ödənilmiş, 328 nəfər buğda və çəltik istehsalçısına əlavə olaraq 9 min 769 manat subsidiya verilmişdir.
Hazırda rayonun fermerləri və torpaq mülkiyyətçiləri sahələrə bostan, bibər, badımcan və s. tərəvəz şitillərini köçürürlər.
Bu il rayonda 7 min hektarda yazlıq əkininin keçirilməsi nəzərdə tutulmuşdur. Əkin kampaniyası iyunun sonunadək başa çatacaqdır.