SİYASƏT
ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ CƏNAB P.BURHARDA
Hörmətli cənab səfir!
Seçki Məcəlləsinin layihəsinin geniş ictimai müzakirəsini təşkil etmək məqsədi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurası Venesiya Komissiyasının keçirdiyi dəyirmi masanın davamı olaraq və gələcək dəyirmi masalara hazırlıq mərhələsi kimi siyasi partiyalar arasında dialoq təşkil etmək təklifinizi əks etdirən 2 yanvar 2003-cü il tarixli məktubunuz Yeni Azərbaycan Partiyasında müsbət qarşılandı və diqqətlə öyrənildi. Sizin təşəbbüsünüzə partiyamızın münasibətini yanvar ayının 6-da şəxsən sizə şifahi telefon bağlantısında, habelə yanvar ayının 7-də “Turan” informasiya agentliyinə verdiyim müsahibədə ifadə etmişdim. Bu məktubla ATƏT-in partiyalara göndərdiyi müraciətdə əks olunan təkliflərə əsasən razılıq fikrimizi bir daha təsdiq edirəm.
Yeni Azərbaycan Partiyası Seçki Məcəlləsinin ictimai müzakirəsi ilə bağlı ATƏT-in Bakı Ofisinin səylərini müsbət qiymətləndirir və hesab edir ki, məktubunuzda əks olunmuş müddəalar və onların mahiyyətini ifadə edən prinsiplər siyasi partiyalar arasında mövzu üzrə dialoqu təşkil etmək üçün səmərəli baza ola bilər. Fikrimizcə, dialoqda geniş siyasi təmsilçiliyinin təmin edilməsi ilkin müzakirələrin predmeti kimi nəzərdən keçirilə bilər.
İnanıram ki, ATƏT-in səyləri ölkəmizdə Yeni Azərbaycan Partiyasının həmişə tərəfdar olduğu iqtidar-müxalifət dialoquna və partiyalararası konstruktiv əməkdaşlığa əhəmiyyətli təkan verəcəkdir.
Hörmətlə,
Ə.Əhmədov
Yeni Azərbaycan Partiyasının
icra katibi