SİYASƏT
ATƏT-in Minsk qrupu ötən 28 il müddətində münaqişənin həlli üçün heç bir addım atmadı
Bakı, 15 dekabr, AZƏRTAC
Tarixdə ilk dəfə olaraq müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etməsi güclü siyasi iradəyə malik Azərbaycanın nəyə qadir olduğunu bir daha dünyaya sübut etməklə, Ermənistanı alçaldıcı kapitulyasiya bəyanatını imzalamağa məcbur etdi. Bu bəyanat qan tökülməsinin qarşısının alınmasına, insanların yaşamaq hüququnun, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğuna dəlalət edən, Azərbaycanın hərb yolu ilə əldə etdiyi davamlı Qələbəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
Deputat deyib: “Eyni zamanda, bu bəyanat 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mandatı ilə yaradılmış ATƏT-in Minsk qrupunun keçən 28 il müddətində münaqişənin həlli üçün heç bir rol oynamadığının və bu günədək absurd iddialar səsləndirdiyinin bariz nümunəsidir. Vətən Müharibəsi başlayana qədər ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq və normalar çərçivəsində, haqq və ədaləti bərpa edərək sülh yolu ilə həll etməsi üçün kifayət qədər vaxtı və imkanları olub. Təcavüzkar Ermənistanın təxribat xarakteri daşıyan "Qarabağ Ermənistandır" bəyanatı, Dağlıq Qarabağda qanunsuz məskunlaşma siyasəti, zaman-zaman cəbhədə atəşkəsi pozması ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə ciddi zərbə vurması hallarında Minsk qrupunun həmsədrlərinin susması, fəaliyyətsizliyi, ümumiyyətlə, keçən müddət ərzində status-kvonun onlar üçün qəbuledilən olması haqda mesajlar səsləndirmələri böyük təəssüf doğurur".
Deputat qeyd edib ki, bu gün Azərbaycan şanlı Qələbəsi ilə təkbaşına status-kvonu ləğv, tarixi ədaləti bərqərar edərək Cənubi Qafqazın bütün subyektləri üçün sülhü, əmin-amanlığı və iqtisadi stabilliyi təmin etdi. Nəticə etibarilə, ATƏT-in Minsk qrupunun həmsədrləri bütün beynəlxalq ictimaiyyət qarşısında gülünc vəziyyətə düşməklə, hətta çağırılmamış qonaq qismində onların Azərbaycana səfərləri zamanı regiona qərəzsiz və kollektiv qaydada stabilliyin, rifahın gətirilməsi üçün tamamilə yeni bir vəziyyətin məhz Azərbaycan tərəfindən yaradıldığını etiraf etmək məcburiyyətində qaldılar. Bir məqamı da qeyd edə bilərik ki, əldə edilən qələbə Minsk qrupunun mandatının bundan sonra artıq Azərbaycandan asılı olduğunu deməyə imkan verəcək.