CƏMİYYƏT
ATU ilə Malatyanın Ünönü Universiteti arasında niyyət protokolu imzalanıb
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Malatya İnönü Universiteti arasında niyyət protokolu imzalanıb. Bu məqsədlə ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə Türkiyə universitetinin nümayəndə heyəti arasında görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi iki ali təhsil ocağı arasında mövcud müqavilənin yenilənməsi şərtlərinin müzakirəsi olub.
Tədbirdə ATU-nun rektoru Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq etdiklərini bildirib: “Bəzən universitetlər arasında bağlanan müqavilələr sənəd üzərində qalır. Lakin biz həmişə işlək əməkdaşlığın tərəfdarı olmuşuq, o cümlədən sizinlə də fəal əməkdaşlığımız olub və bu, çox sevindirici haldır”.
İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay iki ali təhsil ocağı arasındakı əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Universitetlərimiz arasında protokol imzalanıb. Bunun əsasında sizinlə daima qarşılıqlı təhsil mübadiləsi etmişik. İstərdim ki, bu əlaqələr digər sahələrdə də olsun”.