SİYASƏT
AVROPA BİRLİYİ–AZƏRBAYCAN PARLAMENT ƏMƏKDAŞLIĞI KOMİTƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ ÖLKƏMİZDƏ SƏFƏRDƏDİR
NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ “bp-AZƏRBAYCAN” ŞİRKƏTİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞMÜŞLƏR
Respublikamızda səfərdə olan Avropa Birliyi-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin geniş tərkibdə nümayəndə heyəti aprelin 27- də “Hyatt Recensi” otelində “bp-Azərbaycan” şirkətinin rəhbər işçiləri ilə görüşmüşdür.
Nümayəndə heyətinə Azərbaycanda həyata keçirilən irimiqyaslı neft layihələri barədə ətraflı məlumat vermək məqsədi daşıyan görüşdə Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə vitse-prezident Maykl Taunzen demişdir ki, bu layihəni Azərbaycan Dövlət Neft Şirkəti, TRAO, Statoyl, Yunokal, İtoçi, Delta Hess və ENİ şirkətlərinin daxil olduğu beynəlxalq sərmayədarlar qrupu adından bp şirkəti idarə edir. Xəzər dənizinin altındakı yataqlardan hasil ediləcək neft dünya bazarlarına 1750 kilometrlik həmin kəmər vasitəsilə ixrac olunacaqdır. Kəmər başlanğıcını Bakının yaxınlığında yerləşən Səngəçal sahil terminalından götürəcək, Gürcüstanın ərazisindən keçərək, Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanınadək uzanacaqdır. BTS kəməri ildə 50 milyon ton neft nəqli üçün layihələndirilmişdir. Yaxın vaxtlarda kəmərin keçəcəyi dəhliz boyunca torpaq-təmizləmə işlərinə başlanacaq, çəklişi isə 2005-ci ildə başa çatacaqdır. Tikintiyə 3 milyard dollardan artıq vəsait sərf ediləcək, kəmərin isə 60 il istismarda olacağı proqnozlaşdırılmışdır. Neft ixrac kəməri ilə paralel Cənubi Qafqaz Qaz kəmərinin layihəsi də reallaşacaq, 2005-ci ildə eyni zamanda “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsinin növbəti fazası da həyata keçiriləcəkdir. Hazırda həmin yataqdan hər gün təqribən 130 min barrel neft hasil edilir. 2008-ci ilə qədər hasilat mərhələ-mərhələ artaraq, sutkada ən azı 800 min barrelə çatacaqdır.
Azərbaycanın gələcəkdə əsas yanacaq təchizatçısı olacağına öz inamını ifadə edən Maykl Taunzen “Şahdəniz” qaz və kondensat yatağını da ən uğurlu struktur kimi dəyərləndirmiş və demişdir ki, “Şahdəniz”in işlənməsinə dair planlarımız bazarın ehtiyacları ilə bağlıdır. Məqsədimiz həmin ehtiyacları vaxtında ödəməkdir. Yatağın çıxarıla bilən qaz ehtiyatları 400 milyard kubmetrdən artıqdır. Bu hesabla Türkiyə Azərbaycandan ildə 6 milyard kubmetrdən çox qaz almaq imkanı qazanacaqdır. Artıq alqı-satqı sazişi imzalanmışdır. “Şahdəniz”in işlənməsinin 1-ci mərhələsinə uyğun olaraq, üç öncəqazma quyusundan birincisi artıq qazılmağa başlanmışdır. Əminəm ki, ilk qazı 2006-cı ilin qışınadək Türkiyəyə çatdıracağıq.
İlkin Neft Layihəsini çox gözəl nailiyyət adlandıran bp-nin əməliyyatlar üzrə vitse-prezidenti Qraham Skotton əməliyyat bölümündə 300 nəfərlik kollektivin yüksək əhval-ruhiyyə ilə çalışmasından, təhlükəsizlik və iş qaydalarına düzgün riayət edilməsindən danışmış, yerli kadrların bacarığını və səriştəsini xüsusi olaraq qonaqların diqqətinə çatdırmışdır.O, “Çıraq” platformasından başlayıb, Səngəçal terminalından keçən və Supsa limanına qədər uzanan böyük bir məsafədə nəqletmə əməliyalarını layiqincə yerinə yetirməyin heç də asan olmadığını vurğulamışdır. Sonra Q.Skotton daha 500 nəfər yerli vətəndaşın işə götürüləcəyindən, eyni zamanda, peşə kurslarına cəlb olunacağından da söz açmışdır.
Belə irimiqyaslı layihələrin həyata keçirilməsi zamanı şirkətlərin üzərinə gəlir öhdəliklərindən daha böyük məsuliyyət düşdüyünü vurğulayan nüfuz və əminlik üzrə vitse-prezident Rocer Nunn isə Səngəçal terminalı, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru kəmərlərinin dəhlizləri ətrafında məskunlaşan əhalinin sosial-iqtisadi problemlərinin həmişə diqqət mərkəzində saxlanmasının zəruriliyindən danışmış və ətraf mühitin mühafizəsi məsələlərinə toxunmuşdur. Natiq qeyd etmişdir ki, bizim burada sosial sərmayə qoyuluşu ilə bağlı işlərimiz əhalinin rifahının yüksəldilməsi, yerli məktəblər və universitetlərdə təhsilin yaxşılaşdırılması, həmçinin sahibkarlığın həvəsləndirilməsi kimi məsələlərin də həllinə yönəlmişdir. Həmin sahələrə lazımi qədər vəsait sərf olunacaqdır.
Nümayəndə heyətinin başçısı xanım Ursula Şlayşer natiqlərə ətraflı məlumatlara görə öz təşəkkürünü bildirmişdir.
Görüşdən sonra nümayəndə heyəti Səngəçala getmişdir. Qonaqlar terminalın ərazisini gəzmiş və texniki qurğuların iş prosesi ilə tanış olmuşlar.