İDMAN
AVROPA OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ PATRİK HİKEYİN AZƏRBAYCANA SƏFƏRİ DAVAM EDİR
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikey və xanımı Silvian Hikey aprelin 8-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzmüşlər.
Sonra Patrik Hikey və xanımı Şəhidlər xiyabanını ziyarət etmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər güllər düzmüşlər.
Onlara Şəhidlər xiyabanının tarixi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə məlumat verilmişdir.
Qonaqları Azərbaycan gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər şəxslər müşayiət etmişlər.