İQTİSADİYYAT
AVROPA PARLAMENTİ “PARLAMENT DAVRANIŞININ AVROPA NORMALARI”NI POZAN DEPUTATLARI ƏMƏK HAQQININ BİR HİSSƏSİNDƏN MƏHRUM ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Avropa Parlamentinin (AP) deputatlarını öz əmək haqqının bir hissəsindən məhrum olmaq perspektivi gözləyir. Avropa Parlamentinin sədri Xosep Borrelin təşəbbüsü ilə reqlamentə xüsusi əlavə AP-nin yanvarın 16-da Strasburqda açılan sessiyasının müzakirəsinə çıxarılmışdır. Xüsusi əlavə deputatlar arasında “intizamı” gücləndirməli və son vaxtlar tez-tez baş verən söyüşmək və hətta yumruqları işə salmaq hallarının qarşısını almalıdır.
Yeni qaydalarda “parlament davranışının Avropa normalarını” pozmağa, yəni öz həmkarlarının ünvanına təhqiramiz sözlər söyləməyə, yaxud fitnəkarlığa və zorakılıq əməllərinə əl atmağa görə AP deputatlarını 10 günlük əmək haqqından məhrum etmək nəzərdə tutulur.
Lakin əmək haqqının bir hissəsinin kəsilməsi deputatların səs vermək hüququna təsir göstərməyəcəkdir.
AP üzvlərinin sayı Avropa İttifaqının yeni üzv ölkələrindən deputatlar hesabına genişlənərək, 732 nəfərə çatdıqdan sonra fitnəkarlıqlar və zorakılıq əməlləri daha da artmışdır.