İQTİSADİYYAT
AVROPA – QAFQAZ- ASİYA NƏQLİYYAT DƏHLİZİNİN RƏQABƏT QABİLİYYƏTİ ARTIR
TRASECA Proqramı üzrə Hökumətlərarası Komissiyanın daimi katibliyinin rəhbəri Lyudmila Trenkova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin rəqabət qabiliyyəti artır. O vurğulamışdır ki, dünyanın iqtisadi inkişaf proqnozunun əsas tendensiyalarının təhlili göstərir ki, XXI əsrin ən böyük maliyyə, əmtəə və məlumat axınları ABŞ–Avropa-Asiya üçbucağında cəmləşəcəkdir.
Ən nüfuzlu beynəlxalq təşkilatlardan biri – BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini (TRASECA) Avropa ilə Asiya arasında təbii tranzit əlaqəsi kimi rəsmi tanımışdır. Bu baxımdan Avropa İttifaqının TASİS-TRASECA Proqramına üzv olan dövlətlərin qarşısında duran ən vacib məsələ nəqliyyat şəbəkələrini artırmaqla öz coğrafi, siyasi və iqtisadi imkanlarından səmərəli istifadə etməkdir.
Hazırda Asiya ilə Avropa arasında ticarət dövriyyəsi ildə 20 trilyon ABŞ dollarından çox məbləğ təşkil edir. Bunun 200 milyardı nəqliyyat xərclərinin payına düşür.