İQTİSADİYYAT
AYİB-in yeni strategiyasının əsas məqsədləri Azərbaycan hökumətinin iqtisadi siyasətinin prioritetləri ilə uyğun gəlir
Bakı, 6 dekabr (AZƏRTAC). Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2013-cü ilin sonuna kimi Azərbaycan üzrə yeni üçillik strategiyanın hazırlığını başa çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 6-da AYİB-in Azərbaycandakı ofisinin rəhbəri Nil Makkeyn “2012-ci ilin dəyişiklik hesabatı”nın təqdimatında bildirmişdir. Vurğulanmışdır ki, bu məqsədlə Bakıda gələn ilin iyununda bankın vitse-prezidentlərindən birinin, AYİB-in Qafqaz, Moldova və Belarus ölkələri üzrə direktoru Pol Anri Foreste, bankın aparıcı iqtisadçısı Aleks Pivovarskinin və başqalarının iştirakı ilə missiya gələcəkdir. Missiya ölkə hökuməti, müxtəlif dövlət strukturları ilə görüşlər keçirəcəkdir.
Onun sözlərinə görə, yeni strategiya qüvvədə olandan ciddi şəkildə fərqlənməyəcək və özəl sektorun inkişafına yönəldiləcəkdir.
Strategiyanın əsas məqsədləri Azərbaycan hökumətinin iqtisadi siyasətinin prioritetləri ilə uyğun gəlir və özəl sektorun dəstəklənməsindən, habelə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafından ibarətdir.