SİYASƏT
AZƏRBAYCANIN QƏTƏR DÖVLƏTİNDƏ DƏ SƏFİRİ VARDIR
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı həm də ölkəmizin Qətərdə fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. AZƏRTAC-ın Qətər dövlətinin paytaxtı Dohadan aldığı məlumata görə, martın 25-də səfir öz etimadnaməsini təntənəli şəraitdə Qətər dövlətinin başçısı əmir Həməd bin Xəlifə Əl Səniyə təqdim etmişdir.
Təqdimat mərasiminin sonunda səfir ilə əmir Həməd arasında söhbət olmuşdur. Söhbət əsnasında səfir Azərbaycan Prezidenti Heydər Əliyevin səmimi salamlarını və xoş arzularını Əmirə çatdırmış, ölkəmizin Qətər dövləti ilə dostluq və əməkdaşlıq əlaqələrini inkişaf etdirmək əzmində olduğunu vurğulamışdır.
Azərbaycanın onun ölkəsinə səfir təyin etməsindən razı qaldığını bildirən Əmir iki dövlət arasında əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu qeyd etmişdir. Qətərin rəhbəri Azərbaycanın onun ölkəsi ilə hərtərəfli əlaqələrinin inkişafına yönəlmiş istəyini alqışlamış və bu istiqamətdə əməli addımlar atmağa hazır olduğunu bildirmişdir. Əmir Həməd Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına tərəqqi və davamlı sülh arzulamışdır.
Sonra səfir Elman Araslı Qətərin xarici işlər üzrə dövlət naziri Əhməd bin Abdulla Əl Mahmudla görüşərək, hər iki tərəf üçün qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etmişdir.