SİYASƏT
AZƏRBAYCANLI JURNALİSTLƏRİN TƏŞƏBBÜSÜ İLƏ İQDIR VƏ ANKARADA ETİRAZ AKSİYALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın müstəqil kütləvi informasiya vasitələrinin nümayəndələri Türkiyə ilə Ermənistan arasında sərhəd qapılarının açılması ehtimalından narahatlıqlarını bildirmək üçün qardaş ölkənin İqdır və Ankara şəhərlərində etiraz aksiyaları keçirmişlər. İqdır şəhərində keçirilən mitinq və yürüş zamanı Türkiyə vətəndaşları da jurnalistlərimizə qoşulmuş, onlara dəstək vermişlər. İqdır valisi Musa Küçükqurd jurnalistlərimizi qəbul etmişdir. Vali ümummilli liderimiz, türk dünyasının görkəmli siyasi xadimi Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!” sözlərini dilə gətirərək, türk xalqının hər zaman azərbaycanlı qardaşlarının haqlı mövqeyini dəstəklədiyini vurğulamışdır.
Aprelin 8-də Ankaranın mərkəzindəki Qızıl ay meydanında Azərbaycandan gələn müstəqil jurnalistlərimizin, Ankarada yaşayan və işləyən vətəndaşlarımızın, burada təhsil alan tələbələrimizin, Türkiyə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə izdihamlı mitinq keçirilmişdir.
Kütləvi aksiyaya toplaşanlar Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandırır, “Sərhədlərin açılmasına yox deyirik!”, “Türkiyə-Azərbaycan dostluğu əbədidir, sarsılmazdır!” şüarları yazılmış plakatlar nümayiş etdirərək Ermənistanın təcavüzkar siyasətinə qarşı etirazlarını bildirmişlər.
Ankaradakı kütləvi tədbir üçün bütün müvafiq rəsmi icazələr alınmışdır. Mitinq və yürüş zamanı hər hansı bir qanun, asayiş pozuntusuna yol verilməmişdir.