İQTİSADİYYAT
AZƏRBAYCANLI MÜTƏXƏSSİSLƏR HİNDİSTANIN NEFT-QAZ SƏNAYESİNİN İNKİŞAFINDA MÜHÜM ROL OYNAMIŞLAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, aprelin 11-də ARDNŞ prezidenti Rövnəq Abdullayev Hindistanın ticarət üzrə dövlət naziri Cairam Rameşi Azərbaycana rəsmi səfərində müşayiət edən ONGC Videsh Ltd. şirkətinin baş meneceri və icraçı direktoru R.S. Butola ilə görüşmüşdür. O, ARDNŞ mütəxəssislərinin vaxtilə Hindistanın neft-qaz sənayesinin inkişafında mühüm rol oynadıqlarını və o zaman yaradılan əlaqələrin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.
R.S.Butola təmsil etdiyi şirkət haqqında ətraflı məlumat vermiş və bildirmişdir ki, ONGC Videsh Ltd. hazırda Hindistanda enerji daşıyıcıları hasilatının 80 faizinə nəzarət edən dövlət şirkətidir. Şirkətin 15 ölkədə qazma, istismar və emal sahələrində uğurla fəaliyyət göstərdiyini və zəngin təcrübə qazandığını söyləyən R.S. Butola ARDNŞ ilə son illər müəyyən qədər zəifləmiş əlaqələri fəallaşdırmaq niyyətində olduqlarını qeyd etmişdir. Ötən əsrin 50-ci illərində Azərbaycanın neft mütəxəssislərinin ONGC Videsh Ltd. şirkətinin yaranmasında və inkişafında xüsusi rol oynadığını yaxşı xatırladıqlarını vurğulayan qonaq demişdir ki, həmin mütəxəssislər haqqında bu gün də şirkətin muzeyində xatirə eksponatları saxlanılmaqdadır.
Daha sonra qonaq neft-qaz sənayesinin bütün sahələri üzrə ARDNŞ ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını demişdir. Hindistanın Milli Neft Şirkəti üçüncü ölkələrdə həyata keçirdiyi layihələrdə də Azərbaycan neftçilərinin köməyinə ümid edir.
Azərbaycanın neft-qaz sənayesində son illər qazanılmış nailiyyətlərdən söz açan Rövnəq Abdullayev, ARDNŞ-in Hindistanın neft və qaz şirkətləri ilə iqtisadi cəhətdən qarşılıqlı səmərə verəcək layihələr üzrə əməkdaşlığa hazır olduğunu qeyd etmişdir.
Dövlət Neft Şirkətinin artıq böyük iqtisadi və texniki imkanlara malik, beynəlxalq standartlara cavab verən modern bir quruma çevrildiyini diqqətə çatdıran R.Abdullayev, şirkətin fəaliyyət sahələri, strukturu, həyata keçirdiyi birgə layihələr və s. haqqında suallara da cavab vermişdir.
Görüşdə həmçinin tərəfləri maraqlandıran digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.