İDMAN
AZƏRBAYCAN ƏDALƏTLİ OYUNLAR KOMİSSİYASININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 8-də Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AƏOK) konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ulu öndər, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Buradan Şəhidlər xiyabanına gələn konfrans iştirakçıları vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının məzarları üzərinə tər çiçəklər düzmüşlər.
Konfrans öz işini MOK-un binasında davam etdirmişdir. Qeyd olunmuşdur ki, MOK-un Ədalətli Oyunlar Komissiyası 1997-ci ildən fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi idmanda zorakılığa, millətçiliyə, dini və irqi ayrı-seçkiliyə yol verməmək, idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları cəzalandırmaqdan ibarətdir.
Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, MOK-un vitse-prezidenti Xəzər İsayev son illər ölkəmizdə idmana göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasına baxmayaraq, idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda tez-tez ədalətsizliklərlə rastlaşdıqlarını qeyd etmişdir. O bildirmişdir ki, yarışların təmiz rəqabət şəklində keçirilməsinə nail olmaq, dopinqə aludəçiliyin qarşısını almaq təşkilatın fəaliyyətinin əsas prinsiplərini təşkil edir.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançılarmızın qarşılaşdıqları haqsızlığa nümunə kimi, iki gün öncə Bakıda başa çatmış bodibildinq üzrə Avropa çempionatını göstərmişdir. İ.İsmayılov demişdir ki, bu turnirdə Azərbaycanın iki idmançısı qızıl medallara layiq idi. Lakin hakimin ədalətsizliyi son anda atletlərimizin fəxri kürsüdə yer almasına mane olmuşdur. Hakimlərin idmançılarımıza qarşı haqsızlığını hətta Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının prezidenti də təsdiqləmişdir.
Konfransda Azərbaycan Ədalətli Oyunlar Komissiyasının məqsəd və vəzifələri, habelə bu sahənin inkişaf etdirilməsi istiqamətində görüləcək işlərlə bağlı federasiya nümayəndələri, məşqçi və hakimlərlə müzakirələr aparılmışdır.