ELM VƏ TƏHSİL
AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINDA “LUKoyl GÜNÜ” KEÇİRİLMİŞDİR
Akademiyanın akt salonunda professor-müəllim heyətinin və tələbələrin “LUKoyl” şirkətinin prezidenti, bu təhsil ocağının 1974-cü il məzunu Vahid Ələkbərovla görüşü keçirilmişdir.
Akademiyanın rektoru, professor Siyavuş Qarayev görüşü açaraq dedi ki, Vahid Ələkbərovun təşəbbüsü ilə şirkətin nümayəndə heyəti cari ilin aprelində ADNA-ya gəlmiş və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. Rektor “LUKoyl”un fəaliyyəti barədə məlumat verərək bildirdi ki, o, dünyada ən iri özəl neft şirkətlərindən biridir və 1996-cı ildən Azərbaycanda fəal işləyir. Hazırda şirkət “Şahdəniz” yatağının işlənilməsində 10 faiz, “Hövsan-Zığ”da 50 faiz, “Yalama”da 80 faiz paya malikdir. “LUKoyl”un respublikamızda geniş yanacaqdoldurma şəbəkəsi var. Şirkət Azərbaycanda işlədiyi dövrdə ölkə iqtisadiyyatına 500 milyon dollardan artıq sərmayə qoymuşdur. Bundan əlavə, müxtəlif xeyriyyə tədbirlərinə və humanitar layihələrə təxminən 2 milyon dollar ayrılmışdır. Bütün bunlar Azərbaycan Prezidenti Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi sayəsində mümkün olmuşdur.
Siyavuş Qarayev xatırlatdı ki, “LUKoyl” ADNA ilə belə geniş əməkdaşlıq edən ilk xarici neft şirkətidir. Vahid Ələkbərov isə ali məktəbin fəxri doktoru seçilmişdir. Sonra Vahid Ələkbərov çıxış edərək, şirkətin fəaliyyətinin gələcək istiqamətlərindən danışdı və dedi ki, Azərbaycan və ümumən, Xəzər “LUKoyl”un fəaliyyətində mühüm yer tutur. Təbii qaz dünya iqtisadiyyatının gələcəyidir və yaxın illərdə Xəzər qazının əsas istehlakçıları Rusiya, Avropa və kontinental Çin olacaqlar.
O bildirdi ki, ADNA ilk xarici ali məktəbdir ki, “LUKoyl” onun tələbələrinə təqaüd verəcək və gələcəkdə şirkətdə işlə təmin edəcəkdir.
Sonra şirkətin idarə rəisi Anatoli Moskalenko ADNA-nın 8 təqaüdçüsünün adlarını bildirdi və onlara təhsildə uğurlar arzuladı.
Görüşdə təhsil naziri Misir Mərdanov, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Stanislav Çernyavski çıxış etdilər. M.Mərdanov ölkəmizdə geniş humanitar fəaliyyətə görə Vahid Ələkbərova Azərbaycan hökuməti adından təşəkkürünü bildirdi.
Görüşdə Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, ARDNŞ-in prezidenti Natiq Əliyev iştirak edirdilər.